Türk dövlətləri arasında münasibətləri daha da dərinləşdirmək, əlaqələri şaxələndirmək bu gün dünyada nüfuz sahibi olan Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Səmimi dostluq münasibətləri əsasında qurulan əməkdaşlıq türk xalqlarının birliyinə, ölkələrimizin inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə xidmət edir. Qədim tarixə söykənən Azərbaycan-Özbəkistan münasibətləri dövlətlər arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulması ilə yanaşı, xalqların milli adət-ənənələri, mədəniyyəti əsasında daha da inkişaf etmişdir. Tarixi dostluq, qarşılıqlı etimad, strateji, o cümlədən hərtərəfli əməkdaşlıq iki ölkənin maraqlarına hörmət əsasında çoxtərəfli əlaqələrin inkişafına istiqamətlənmişdir. Azərbaycan ilə Özbəkistan arasında Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində mövcud əlaqələr qarşılıqlı faydalı əməkdaşlıq sayəsində daha da möhkəmləndirilir. İkitərəfli münasibətləri yeni inkişaf mərhələsinə yüksəldən Azərbaycan ilə Özbəkistan bu gün etibarlı strateji tərəfdaşlardır. Ötən il iyunun 21-də ölkə başçımızın Özbəkistan Respublikasına səfəri çərçivəsində keçirilən geniştərkibli görüşdə Prezident Şavkat Mirziyoyev çıxışı zamanı bu barədə demişdir: "Bizim görüşümüz ərəfəsində səmərəli biznes forum keçirilib, yarım milyard dollardan yuxarı həcmdə investisiya sazişləri və ticarət müqavilələri paketi imzalanıb. Onların arasında neft-qaz, neft-kimya sahələrində, energetika, əczaçılıq, tikinti materialları istehsalı, şərabçılıq, yeyinti, toxuculuq məhsullarının və zərgərlik məmulatlarının istehsalı üzrə perspektiv layihələr mövcuddur. Ələt Azad İqtisadi Zonasının bazasında sonradan Avropa İttifaqı bazarlarına çıxmaqla layihələrin icrası üçün imkan var. Səfər çərçivəsində Daşkənddə ölkələr arasında qarşılıqlı iqtisadi fəaliyyətin mühüm sahələrini əhatə edən 20-yə yaxın sənəd imzalanmışdır.Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Uzun illərdən bəri qurulan dostluq, əməkdaşlıq əlaqələri bu gün strateji xarakter alıb, ölkələr arasında iqtisadiyyatın bütün sahələrində genişmiqyaslı layihələr reallaşdırılır, nəqliyyat kommunikasiyalarının inkişafı fonunda Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmi get-gedə artır, yeni dəhlizlərin inkişaf etdirilməsi, multimodal daşımaların genişləndirilməsi istiqamətində işlər aparılır. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilir. Hər iki ölkənin sahibkarları arasında işgüzar görüşlərin təşkili, yeni əməkdaşlıq istiqamətlərinin və imkanlarının araşdırılması, birgə layihələrin icrası əməkdaşlıq əlaqələrini şaxələndirir. Ölkələrimiz arasında gündən-günə inkişaf edən əlaqələr iqtisadi əməkdaşlığı daha da dərinləşdirir, münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına əlverişli şərait yaradır. Siyasi, iqtisadi, elmi-texniki, humanitar, mədəni və digər sahələr üzrə inkişaf edən ikitərəfli əməkdaşlıq bu gün qarşılıqlı fəaliyyət, strateji tərəfdaşlıq fonunda özünün inkişaf dövrünü yaşayır. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından olduqca mühüm tarixi hadisədir. Xüsusilə qeyd etməliyik ki, prezident Şavkat Mirziyoyevin prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi ölkələrimiz arasında mövcud olan tarixi münaisbətlərin ruhundan xəbər verir. Bu, Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzhürüdür. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti dövründə də Özbəkistan ilə dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edib. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Bu baxımdan deməliyik ki, Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri iki ölkə arasında əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafı və qarşıya qoyulan hədəflərə çatmaq baxımından olduqca önəmlidir. Qeyd edək ki, istər təkbətək, istərsə də nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edilmiş, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək ölkələr arasında münasibətlərin gələcək inkişaf yolları müzakirə edilib və müəyyən olunub. Səfər çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb. İşğaldan azad olunan ərazilərdə həyata keçirilən quruculuq işlərində də qardaş ölkə Özbəkistanın Azərbaycana çox böyük dəstəyi olub. Eyni zamanda Azərbaycan da Özbəkistanla əlaqələrin daha da möhkəmlənməsinə və strateji tərəfdaşlığın inkişaf etdirilməsini dəstəkləyir. Beləki, Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq inşa edilən orta məktəbin tikinti işləri artıq başa çatıb. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır. Səfər çərçivəsində Özbəkistan Prezidenti həmin məktəbin açılış mərasimində də iştirak edib. Bir məqamı da xüsusilə vurğulamalıyıq: Füzuli şəhərinin ilk sakinləri-keçmiş məcburi köçkünlər bir neçə gün əvvəl öz doğma ata-baba yurdlarına qayıdıblar. Həmin ailələrin uşaqları təqribən bir aydan sonra Özbəkistanın hədiyyəsi olan məktəbdə təhsil həyatlarını davam etdirəcəklər. Prezidentimiz Cənab İlham Əliyevin sözləri ilə desək “bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”. Bir daha vurğulamalıyıq ki, eyni soykökə malik Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi köklərə bağlılıq fonunda dövrün reallıqlarına uyğun olaraq inkişaf edir. Şübhəsiz ki, iki ölkə arasında günü-gündən inkişaf edən münasibətlər Türk dünyasının inkişafına mühüm töhfələr verəcəkdir.
Bahar Əliyeva,
Xocalı rayon ziyalısı